30.04.2022

Yaz düşərgələrinin açılış mərasimi keçirilib

ARTİ və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin birgə təşkilatçılığı ilə 29 aprel 2022-ci il tarixində Quba rayonunda “MathCamp 2022” riyaziyyat üzrə tələbələrin yaz düşərgəsi və “IT Camp Hackathon 2022” düşərgəsinin açılış mərasimi keçirilib.

Açılışda Azərbaycan Respublikası Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev, ARTİ-nin İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Tural Alışov və AzTU Süni İntellekt və Kibertəhlükəsizlik İnstitutunun icraçı direktoru Yadigar İmamverdiyev iştirak edərək müxtəlif universitetlərdən olan 51 tələbənin hər birinə uğurlar arzulayıblar. 

Qeyd edək ki, düşərgədə ali təhsil müəssisələrinin riyaziyyat, kompüter elmləri, kompüter mühəndisliyi, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi ixtisaslarında bakalavriat və magistratura səviyyələri üzrə təhsil alan tələbələr iştirak edir.

“MathCamp 2022” və “IT Camp Hackathon 2022”-nin keçirilməsində əsas məqsəd tələbələr arasında ali riyaziyyat sahəsinə olan marağın artırılması, riyaziyyatın yeni texnologiyalar və süni intellekt sahəsi tətbiqi dairəsinə dair məlumatların verilməsi, informasiya texnologiyaları sahəsində təhsil alan tələbələrin yarışma vasitəsilə bilik və bacarıqlarını artırmaq, eləcə də tələbələr arasında əməkdaşlıq, komanda quruculuğu kimi xüsusiyyətlərin və riyazi biliklərinin gücləndirilməsidir.