29.04.2022

"Mövcud qiymətləndirmə sənədinə baxış: təkmilləşdirilməli məqamlar" mövzusunda vebinar keçirilib

“Mövcud qiymətləndirmə sənədinə baxış: təkmilləşdirilməli məqamlar” mövzusunda 25 aprel 2022-ci il tarixində vebinar keçirilib.

“Şagird nailiyyətlərinin qiymətləndirilməsi” şöbəsinin müdiri İlahə Tağıyevanın moderatorluğu ilə təşkil olunan vebinarda iştirakçılar mövcud qiymətləndirmə konsepsiyası və məktəbdaxili qiymətləndirmənin keçirilməsi qaydalarına münasibət bildiriblər. Onlar real sinif mühitində qiymətləndirmə zamanı qarşılaşdıqları çətinlik və problemləri, bu problemlərin səbəblərini səsləndirib, şagird və valideynlərin qiymətləndirmədə rolu, rəy əsaslı qiymətləndirmənin əhəmiyyəti və s. mövzular ətrafında hərtərəfli fikir mübadiləsi aparıblar. 

Müzakirə zamanı uğurlu təhsil sisteminə malik olan ölkələrin qiymətləndirmə siyasətlərinə də istinad olunub, həmin ölkələrin təcrübələrindən nümunələr verilib. Yekunda hər bir iştirakçı səsləndirilən problemlərin həlli ilə bağlı fikirlərini bildirib və təkliflərlə çıxış ediblər.

Qeyd edək ki, ARTİ tərəfindən may ayında da qiymətləndirmə siyasətinə dair müxtəlif mövzularda silsilə vebinarlar təşkil ediləcək.