25.04.2022

Məktəb psixoloqlarının II ümumrespublika konfransı keçirilib

Psixologiya Elmi-Tədqiqat İnstitutu və Müasir Azərbaycan Psixoloqları İctimai Birliyinin birgə təşkilatçılığı ilə 23-24 aprel 2022-ci il tarixlərində ‘‘Təhsildə sosial psixoloji xidmətdə problemlər və perspektivlər” mövzusunda Məktəb psixoloqlarının II ümumrespublika konfransı keçirilib. Konfransın açılış mərasimində Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Respublikasının Təhsil İnstitutu, “Məktəblinin Dostu” və “Sağlam Təhsil- Sağlam Millət” layihələri ilə əməkdaşlıq çərçivəsində həyata keçiriən tədbirlərdən danışıb.

Məktəb psixoloqlarının peşəkar inkişafına dəstək məqsədilə həyata keçirilən konfransın məruzəçiləri arasında ARTİ-nin direktor müavini Ənvər Abbasov və Şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsinin müdiri İlahə Tağıyeva da yer alıb. Ənvər Abbasov ARTİ-nin psixoloji işin təşkilinə dair fəaliyyəti barədə məlumat verərək konfransın işinə uğurlar arzulayıb. ‘‘Sabit və böhran vəziyyətdə şagirdlərin sosial-emosional bacarıqlarının inkişafı” mövzusunda çıxış edən İlahə Tağıyeva şagirdlərdə özünüdərketmə, özünüidarəetmə, sosial dərketmə, sosial münasibətləri idarəetmə və məsuliyyətli qərar qəbuletmə kimi beş əsas bacarıqların aşılanmasının əhəmiyyətini vurğulayıb. O, həmçinin Təhsil İnstitutu tərəfindən pandemiya və müharibədən zərərçəkmiş bölgələrin məktəb müəllimləri və psixoloqları arasında əsas sosial-emosional bacarıqların inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.

Sözügedən konfrans 2 gün davam edib. Şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsinin müdiri İlahə Tağıyevanın mövzusu konfransın sonunda ən yaxşı məruzəçilərdən biri kimi konfrans təşkilatçıları tərəfindən  planketlə təltif olunub.