21.04.2022

Tələbələrin yaz düşərgəsi təşkil ediləcək

29 aprel – 3 may 2022-ci il tarixlərində ARTİ və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Quba rayonunda tələbələrin yaz düşərgəsi təşkil ediləcək. 

Qeyd edək ki, düşərgənin keçirilməsində məqsəd tələbələr arasında ali riyaziyyat sahəsinə olan marağın artırılması, riyaziyyatın yeni texnologiyalar və süni intellekt sahəsində tətbiqi dairəsinə dair məlumatların verilməsi və tələbələrin riyazi biliklərinin gücləndirilməsidir.

Düşərgədə ali təhsil müəssisələrinin riyaziyyat və texniki ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kurs tələbələri, həmçinin magistratura səviyyəsi üzrə təhsil alanlar iştirak edəcəklər.

Düşərgə çərçivəsində tələbələrə təcrübəli müəllimlər tərəfindən xüsusi hazırlanmış təlimlər təşkil ediləcək. İştirakçıların əylənərək öyrənməsi və asudə vaxtın səmərəli təşkili məqsədilə düşərgədə, həmçinin, müxtəlif idman və bilik yarışları təşkil olunacaq.