14.04.2022

Buraxılış imtahanlarının nəticələri müzakirə edilib

ARTİ və Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) birgə təşkilatçılığı ilə IX siniflərin ötən ilki buraxılış imtahanlarının nəticələrinin təhlili müzakirə olunub.

ARTİ-nin direktoru Rüfət Əzizov buraxılış imtahanlarının nəticələrinin yaxşılaşdırılması ilə bağlı işlərin daha da sürətləndirilməsinə, qarşıya çıxan problemlər və onun həlli yollarının aradan qaldırılmasına metodik dəstək veriləcəyini qeyd edib.

BŞTİ-nin müdiri Mehriban Vəliyeva tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan addımlardan, məktəbin perspektiv fəaliyyət istiqamətlərindən və təhsilalanların biliyinin düzgün qiymətləndirilməsinin vacibliyindən danışıb.

Görüş zamanı ARTİ-nin Beynəlxalq və milli qiymətləndirmələr şöbəsinin müdiri Aygün Qurbanlı tərəfindən buraxılış imtahanlarının nəticələrinin statistik təhlil nəticələri təqdim olunub. Təqdimat zamanı qızların və oğlanların fənlər üzrə nəticələri və fərqin statistik əhəmiyyətli olub-olmaması, açıq kodlaşan və qapalı suallara verilən cavablar, testlərin etibarlılıq və məlumatlılıq əmsallarının təhlil nəticələri müzakirə olunub. 

Daha sonra ARTİ-nin Şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsinin müdiri İlahə Tağıyeva testlərin məzmun və standartların əhatəliliyi baxımından təhlil nəticələrini təqdim edib. Şagirdlərin ən zəif nəticə göstərdiyi məzmun xətləri müzakirə olunub. 

Təqdimatlardan sonra buraxılış imtahanlarının nəticələrinin yaxşılaşdırılması üçün atılacaq addımlar, tətbiq olunmalı strategiya və texnikalar haqqında müzakirələr aparılıb. Nəticələrin yüksəldilməsi istiqamətində məktəb rəhbərlərinin və müəllimlərin təklifləri dinlənilib və konkret hədəflərin qoyulması vurğulanıb.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova təhsil sistemində yeni modellərin tətbiqinə başlanılmasının, həmçinin fənlərin tədrisində, məktəbdaxili qiymətləndirmənin təşkilində müasir yanaşmaların nəzərdən keçirilməsinin əhəmiyyətindən söz açıb.

Görüşdə perspektiv planların tərtib edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.