12.04.2022

"SABAH Magistratura" proqramı ilə əlaqədar infosessiya keçirilib

ARTİ tərəfindən 11 aprel 2022-ci il tarixində Azərbaycan Texniki Universitetinin IV kurs tələbələrinə “SABAH Magistratura” proqramı ilə əlaqədar infosessiya keçirilib.

Tədbiri AzTU-nun rektorunun elmi-məsələlər üzrə müşaviri Fariz Məmmədov giriş sözü ilə açıb. Proqram haqqında məlumat verən F. Məmmədov proqramın icra olunmasında fərqli yanaşma tədbiq edilməsini və tədrisin təşkili prosesinin ARTİ-yə həvalə olunduğunu vurğulayıb.

ARTİ əməkdaşı Gülnar Tahirli “SABAH Magistratura” layihəsi haqqında çıxış edərək proqramda yer alan universitetlər, ixtisaslaşmalar və proqramın əhəmiyyəti barədə tələbələri məlumatlandırıb. O, “SABAH Magistratura” layihəsinin əsas məqsədinin müasir əmək bazarının tələblərinə uyğun, beynəlxalq rəqabətə davamlı peşəkar kadr hazırlığını təmin edəcək yeni məzmun və təlim infrastrukturunun yaradılması, savadlı, bacarıqlı, hazırlıqlı mütəxəssislərin yetişdirilməsi olduğunu bildirib.

AzTU-nun “SABAH Magistratura” proqramı çərçivəsində mövcud olan “Logistika və nəqliyyat” ixtisaslaşmasının üstünlüklərindən bəhs edən ARTİ əməkdaşı Aytən Məhərrəmova tələbələrə bu ixtisasda təhsil alaraq müxtəlif peşə kompetensiyalarına yiyələnmək imkanı əldə edə biləcəklərindən danışıb. Belə ki, tələbələr xammal və kommersiya məhsullarının satınalma və təchizat prosesini təşkil etmə bacarıqlarını öyrənəcək, beynəlxalq ticarət yollarına, həmçinin Azərbaycanın logistika obyektlərinə bələd olacaq, məhsulların daşınması üçün nəqliyyat sistemlərinin qurulması və idarə edilməsi prosesi ilə yaxından tanış olacaqlar.

ARTİ əməkdaşı Aysel Məhərrəmova isə “SABAH Magistratura” proqramı çərçivəsində tələbələrlə dərsdənkənar fəaliyyətin təşkili barədə danışıb. O qeyd edib ki, dərsdənkənar fəaliyyətlər 4 kateqoriyaya bölünür: “British Council” ilə təşkil edilən ödənişsiz ingilis dili dərsləri, müxtəlif müəssisələrlə fərqli mövzularda keçirilən intensiv təlimlər, sənayedə çalışan yüksək ixtisaslı mütəxəssislərlə keçirilən onlayn və ya canlı görüşlər, tələbələrin ixtisasına uyğun əməkdaşlıq edilən müəssisələrə ekskursiyalar.

Görüşün sonunda tələbələrin layihə haqqında sualları cavablandırılıb.