11.04.2022

"Süni intellekt və data elmi" təlim layihəsinin seçim imtahanı keçirilib

ARTİ tərəfindən 10 aprel tarixində S.C. Pişəvəri adına humanitar fənlər gimnaziyasında “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin dəstəyi ilə “Süni intellekt və data elmi” təlim layihəsinin seçim prosesinin ikinci mərhələsi olan seçim imtahanı təşkil olunub. 603 ilkin müraciət edənlər arasından layihənin iştirakçı meyarları profilinə daha uyğun gələn 279 namizəd seçim imtahanına dəvət olunub. Onlardan 226-sı seçim imtahanında iştirak edib. İmtahan sualları açıq və qapalı tipli suallar olmaqla 16 sualdan ibarət olub. İmtahan 90 dəqiqə davam edib və imtahan zamanı hər hansı bir qayda pozuntusu qeydə alınmayıb.


İmtahan nəticələrinin 15 aprel tarixinədək açıqlanması nəzərdə tutulur. Sözügedən imtahanın nəticələri namizədlərin qeydiyyat zamanı qeyd etdikləri elektron poçt ünvanlarına göndəriləcək. Beləliklə, namizədlər imtahan zamanı müəyyən olunmuş şəxsi imtahan kodları vasitəsi ilə öz nəticələrini əldə edə biləcəklər. Seçim imtahanından uğurla keçmiş namizədlər növbəti seçim mərhələsinə dəvət olunacaqlar.


Qeyd edək ki, “Süni intellekt və data elmi” intensiv təlim proqramı layihəsi ölkəmizdə data analitikası sahəsində kadr potensialını artırmaq və əmək bazarının tələblərinə uyğun mütəxəssislər yetişdirmək məqsədi ilə Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə ARTİ tərəfindən həyata keçirilir. Layihə çərçivəsində data analitikasına marağı olan tələbələr və yeni məzunlar bu sahədə ekspert olan təlimçilər tərəfindən strukturlu və effektiv şəkildə praktiki təlimlər keçəcəklər və data elminin əsaslarını dərindən mənimsəyəcəklər.