08.04.2022

"SABAH Magistratura" proqramı çərçivəsində tələbələrlə görüş keçirilib

“SABAH Magistratura” proqramı çərçivəsində Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin IV kurs tələbələri ilə görüş keçirilib.

Tədbiri “SABAH Magistratura” layihəsinin Bakı Dövlət Universiteti üzrə koordinatoru, İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının müdiri prof. Ələkbər Əliyev giriş sözü ilə açıb. Ə. Əliyev cəmiyyətin inkişafında gənclərin rolunu qeyd edərək ixtisaslı kadrların formalaşması sahəsində magistratura təhsilinin əhəmiyyətini vurğulayıb.


ARTİ əməkdaşı Gülnar Tahirli “SABAH Magistratura” layihəsi haqqında çıxış edərək proqramda yer alan universitetlər, ixtisaslaşmalar və proqramın üstünlükləri barədə tələbələri məlumatlandırıb. O, “SABAH Magistratura” proqramının əsas məqsədinin əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması olduğunu bildirib. 


Görüşün davamında Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin “SABAH Magistratura” üzrə məsul məsləhətçisi İqbal Sadiqli çıxış edərək Bakı Dövlət Universitetində “SABAH Magistratura” layihəsinin üstünlükləri, ixtisaslaşma üzrə tədris olunan fənlər, dərslərin və əlavə tədbirlərin təşkili haqqında məlumat verib. 


Görüşün sonunda tələbələrin layihə haqqında sualları cavablandırılıb.