30.03.2022

"Süni intellekt və data elmi" layihəsinin təlimçiləri

ARTİ tərəfindən ölkəmizdə data analitikası sahəsində kadr potensialını artırmaq və əmək bazarının tələblərinə uyğun mütəxəssislər yetişdirmək məqsədi ilə “Süni intellekt və data elmi” intensiv təlim proqramı layihəsi həyata keçiriləcək.

3 aylıq intensiv təlim proqramı ərzində layihənin iştirakçıları süni intellekt və data elmi sahəsinin peşakarları tərəfindən dərslər keçəcəklər. Sizə sözügedən layihənin təlimçilərini təqdim edirik.

Günay Kazımzadə, Berlin Texniki Universitetinin Süni Zəka üzrə doktorantıdır. 2018-ci ildən Alman İnternet İnstitutunda Süni Zəka istiqamətində tədqiqatçı olaraq fəaliyyət göstərir. 2019-cu ildə Almaniyada ilin “Süni intellekt” üzrə gənc tədqiqatçısı adını qazanıb. Xanımlar üçün təsis edilən “Google” şirkətinin təqaüdünü qazanan, TED-də Süni zəka üzrə çıxış edən ilk azərbaycanlıdır.  Prezident mükafatçısıdır. Təhsil layihələrinin idarəolunması, beynəlxalq layihələrin təşkili üzrə 10 illik təcrübəyə malikdir. 2016-ci ildən Azərbaycanda və Almaniyada Kompüter Elmləri ixtisası üzrə akademik fəaliyyətlə məşğul olub. 18 ölkədə 100-dən çox elmi-texniki tədbirlərə dəvət alıb və çıxışlar edib. 2020-ci ildən Elektron İnkişafın İnkişafı Mərkəzində direktorun müşaviri olaraq fəaliyyət göstərir. Layihə çərçivəsində Günay xanım iştirakçılara əsasən “Machine Learning” və “Deep Learning” modellərini tədris edəcək.

Toğrul Cəfərov Elektron Hökumətin İnkişafı Mərkəzində Data laboratoriyası departamentinin rəhbəri vəzifəsində çalışır və müəssisə üzrə məlumatların toplanmasına, idarə olunmasına və saxlanmasına nəzarət edir. “Tableau Data Analyst” sertifikatlı olan Toğrul Cəfərov bakalavr (Computer Science) və master (Artificial Intelligence) təhsilini xaricdə təhsil üzrə dövlət proqramı çərçivəsində Fransanın “Pyer və Mari Küri” Universitetində alıb. Növbəti magistr təhsilini Belçikanın Gent Universitetində “Advanced Statistics” üzrə edib. O, artıq 5 ildən çoxdur akademik fəaliyyətlə məşğul olur və əsasən proqramlaşdırma, maşın öyrənilməsi üzrə olan dərsləri tədris edir. Layihə çərçivəsində Toğrul Cəfərov iştirakçılara SQL, Python, Tableau proqramlarından istifadə edərək data vizuallaşdırılmasının və statistikanın əsaslarını tədris edəcək.

Ümid Süleymanov bakalavr dərəcəsi üzrə ADA Universitetindən məzun olub. Daha sonra Xəzər Universitetindən magistr dərəcəsi alıb. 2 dəfə Beynəlxalq Data Analizi Olimpiadasının finalçısı olub. “Azİntelekom Hakaton”unun qalibidir. Ümid Süleymanov “Google Tensorflow Developer” sertifikatına sahibdir.  Hazırda Elektron Hökumətin İnkişafı Mərkəzində “Leading Artificial Intelligence Specialist” olaraq çalışır. Ümid Süleymanov həmçinin müxtəlif universitetlərdə kompüter elmləri və süni intellekt əsaslı fənlərin tədrisi ilə də məşğul olub. O, Bakı Dövlət Universitetində SABAH Magistratura proqramı üçün “Süni intellektə giriş” fənnini, Xəzər Universitetində isə “Obyekt yönlü proqramlama” fənnini tədris edib. Ümid Süleymanov hazırda ADA Universiteti İnformasiya Texnologiyaları və Mühəndisliyi fakültəsində “Sistem dizaynı” və “Obyekt yönlü analiz” fənlərini tədris edir. Layihə çərçivəsində Toğrul bəy layihənin iştirakçılarına süni intellekt və data elmi alətlərindən praktiki şəkildə istifadəni tədris edəcək.

Qeyd edək ki, proqram ödənişsizdir və əyani şəkildə həyata keçiriləcək. Müraciətlər üçün son tarix 5 aprel 2022-ci ildir. İlkin seçim mərhələsindən uğurla keçən namizədlər seçim imtahanına dəvət olunacaqlar. Proqrama iştirakçıların seçim prosesinin aprel ayı ərzində yekunlaşdırılması və proqramın aprel ayının sonlarında başlanması nəzərdə tutulur. Sözügedən proqramla bağlı hər hansı sualınız yaranarsa, ARTİ-nin Təhsildə innovasiyalar şöbəsinin elektron poçt vasitəsi ilə ([email protected]) əlaqə saxlaya bilərsiniz.