29.03.2022

"Mühəndislik düşərgəsi"nin dördüncü günü

ARTİ və Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyi tərəfindən təşkil olunan və Şəki rayonunda həyata keçirilməkdə olan “Mühəndislik düşərgəsi”nin dördüncü günü “BP” şirkəti Sənqaçal Terminalı ərazi istehsalat meneceri Vüsal Şəfiyev “Neft-qaz sənayesində əməliyyatların təhlükəsizlik aspektləri” haqqında təqdimatı ilə tələbələrin qarşısında çıxış edib. Təqdimat zamanı V.Şəfiyev təhlükə baryerinin idarə edilməsi, risk və baryerlər (maneələr), təhlükəsizliyin təkamülü, təhlükəsiz iş yeri, OSHA aktı, risklərin idarə edilməsi, HAZOP və s. kimi bir sıra mövzuları müzakirə edib və təqdimatın sonunda tələbələrin suallarını cavablandırıb.

Daha sonra “SOCAR KBR”in aparıcı planlama mühəndisi Kamran Cəbrayılov “Sənaye mühəndisi kimdir?” adlı interaktiv təlim həyata keçirib. Sənaye mühəndisinin işləri, vəzifə öhdəlikləri, görülən işlər barədə məlumat verən K.Cəbrayılov tələbələrə komanda işi üçün tapşırıq verib və sonda verilən tapşırığın təqdimatı dinlənilib.