25.02.2022

Quba rayonunda "Mühəndislik düşərgəsi" təşkil ediləcək

Quba rayonunda ARTİ-nin təşkilatçılığı ilə 22-26 mart tarixlərində tələbələrin “Mühəndislik düşərgəsi” təşkil ediləcək. 

Mühəndislik kampında ali təhsil müəssisələrinin mühəndislik ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan III-IV kurs tələbələri və magistratura səviyyəsi üzrə təhsil alan tələbələr iştirak edə bilər.

Kampın əsas məqsədi tələbələr və müxtəlif şirkətlərdə çalışan mühəndislər arasında əlaqənin yaradılması, praktik biliklərin öyrədilməsi, mühəndisliklə bağlı dünyada mövcud olan trendlərdən tələbələri xəbərdar etmək, eləcə də real əmək bazarının hansı mühəndislik səriştələri tələb etdiyini öyrətmək, həmçinin onların asudə vaxtının səmərəli təşkilidir.

Kampda müxtəlif beynəlxalq və yerli şirkətlərdə çalışan peşəkar mühəndislər öz təcrübələrini tələbələrlə bölüşəcək, müxtəlif komanda işləri aparacaq və tələbələrlə birlikdə mühəndislik keysləri əsasında praktik tapşırıqları həll edəcəklər.

Tələbələrə maraqlı olan mövzular-layihələrin idarə olunması, kommersiyalaşma, mühəndislikdə idarəetmə ilə bağlı müxtəlif seminarlar keçiriləcək, onlara hazırda dünyada mühəndislik sahəsində baş verən təcrübələr göstəriləcək.

Kampda iştirak etmək istəyən tələbələr 10 mart 2022-ci il tarixinə qədər https://forms.gle/kCU3oG5c8DJeFFm67  link vasitəsilə qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçdikdən sonra riyaziyyat üzrə baza biliklərinin, eləcə də məntiqi təfəkkürünün yoxlanılması məqsədilə təşkil olunacaq test imtahanında uğur qazanmalıdır.

Qeyd edək ki, təlimlərin sonunda bütün iştirakçılara sertifikat təqdim olunacaq.