24.02.2022

Fizika, riyaziyyat və informatika fənləri üzrə XVIII Beynəlxalq Jautikov Olimpiadasında (IZhO)uğur qazanan məktəblilərimiz

16-17 fevral 2022-ci il tarixlərində Qazaxıstanın Almatı şəhərində fizika, riyaziyyat və informatika fənləri üzrə onlayn XVIII Beynəlxalq Jautikov Olimpiadası (IZhO) keçirilib.

Məktəblilərimiz olimpiadada uğurla çıxış edərək 3 gümüş, 12 bürünc medal olmaqla, ümumilikdə 15 medal qazanıblar.

Riyaziyyat fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Fidan Qarayeva gümüş, həmin liseyin 10-cu sinif şagirdi Cəlil Hüseynov bürünc, Bakı şəhəri 2 nömrəli texniki-humanitar liseyin 11-ci sinif şagirdi Elçin Musazadə gümüş, Bakı şəhəri 72 nömrəli orta məktəbin 11-ci sinif şagirdi Cavad İsmayılzadə bürünc, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin 10-cu sinif şagirdi Fidan Cəfərli bürünc medal qazanıb.

Fizika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdləri Sadiq Sadıxzadə və Murad Abdulkərim bürünc, həmin liseyin 11-ci sinif şagirdi Rüfət Məmmədov bürünc, həmçinin Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin 10-cu sinif şagirdi Nicat Abbasov bürünc, Bakı şəhəri 147 nömrəli texniki-humanitar liseyin 11-ci sinif şagirdi Vaqif Əliyev bürünc, BDU nəzdində “Gənc istedadlar” liseyinin 11-ci sinif şagirdi Rəfsan Həbibullayev bürünc medala layiq görülüb.

İnformatika fənni üzrə isə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 11-ci sinif şagirdi Səid Nəsibov gümüş, Təhsil Nazirliyinin tabeliyindəki Gəncə şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Fidan Hüseynova bürünc, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fuad Qarayev bürünc, Balakən rayonu Qazbinə kənd tam orta məktəbin 10-cu sinif şagirdi Xizri Saxrayev bürünc medala layiq görülüb.

Xatırladaq ki, məktəblilərimiz 2006-cı ildən bugünədək sözügedən olimpiadada 4 qızıl, 30 gümüş, 53 bürünc olmaqla ümumilikdə 87 medal qazanıblar.

Qeyd edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telecom” şirkətinin dəstəyi ilə həyata keçirilir.