16.02.2022

Müəllimlərin işə qəbulu (MİQ) ilə bağlı yeniliklər!

Növbəti tədris ili üzrə keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu qaydalarında bəzi dəyişikliklər edilmişdir. Müəllimlərin işə qəbulu prosesi ilə bağlı mövcud vəziyyət və beynəlxalq təcrübə təhlil olunmuş, vətəndaş müraciətləri, mütəxəssislərin rəyləri nəzərə alınmaqla yeni yanaşmanın tətbiqinə qərar verilmişdir.

Namizədlərə bərabər imkanların yaradılması, vakansiya seçimi və müddətsiz əsaslarla işə qəbul zamanı vahid və sistemli yanaşmanın tətbiqi, vakant yerlərin  tutulmasında daha rəqabətli və ədalətli müsabiqə şəraitinin yaradılması, şəhid ailəsi üzvlərinə yeni imkanların yaradılması məqsədilə cari il üzrə keçiriləcək müsabiqədə yeniliklər həyata keçiriləcəkdir.

Müəllimlərin işə qəbulu ilə bağlı yenilikləri diqqətinizə çatdırırıq:

 

1. Müsabiqədə iştirak

Müsabiqədə uğur qazanmış müəllimlərin işə qəbul olduğu ümumi təhsil müəssisəsində davamlı çalışmasının stimullaşdırılması, vakansiya seçimi zamanı səmərəliliyin artırılması, müəllimlərin iş yerini mütəmadi dəyişməsinin şagirdlərin psixoloji durumuna və nəticələrinə mənfi təsiri səbəbindən qaydalara dəyişiklik edilmişdir.

Hazırda dövlət ümumi təhsil müəssisəsində müddətsiz əsaslarla çalışan müəllimlər təyin olunduğu müəssisədə 3 ildən artıq fəaliyyət göstərdikləri halda müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilərlər.

 

2. Test imtahanı mərhələsi

- Vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq müsabiqənin test imtahanı mərhələsində imtahan müddəti artırılmışdır. Cari il üzrə keçiriləcək müsabiqədə test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 120 dəqiqə vaxt ayrılacaqdır.

- Bu mərhələdə ixtisas üzrə düzgün cavablandırılan test tapşırıqları 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanmaqla 100 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək.

- Yeni qaydalara əsasən, səhv cavablandırılan test tapşırıqları imtahan nəticəsinə təsir göstərəcək. Belə ki, səhv cavablandırılmış 4 test tapşırığına görə 1 düzgün cavab silinəcək.

- Müsabiqədə həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi ümumi təhsil müəssisələrində 3-5 il ərzində fasiləsiz olaraq işləyən müəllimlərin imtahan nəticəsi 1,05, 5 il və daha artıq müdətdə fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1,1 artım əmsalı ilə hesablanacaq.

 

3. Vakansiya seçimi mərhələsi

- Müsabiqədə şəhid ailələrinin üzvlərinə əlavə imkan yaradılacaq. Dəyişikliklərə əsasən, əvvəlcə vakant yer seçmək imkanı müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə veriləcək. Qeyd edək ki, namizədin şəhid ailəsinin üzvü olması “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na uyğun olaraq müəyyənləşdiriləcək. 

 

4. Daimi işə qəbul

Vakant yerlərin müsabiqəyə elan olunması, vakansiya seçimi və müddətsiz əsaslarla işə qəbul zamanı vahid və sistemli yanaşmanın tətbiqi, namizədlərə bərabər imkanların yaradılması,  vakansiyalara əlçatanlığın, eləcə də neqativ halların aradan qaldırılması və şəffalığın tam təmin olunması məqsədilə müddətsiz əmək müqaviləsi əsasında işə qəbul müsabiqənin yalnız əsas turunda həyata keçiriləcək. Əsas turun keçiriləcəyi tarix Təhsil Nazirliyi tərəfindən əvvəlcədən elan olunacaq.

Müsabiqənin əsas turundan sonra keçirilən turlarda və tədris ili ərzində yaranan yeni vakant yerlərə yalnız müddətli əmək müqaviləsi əsasında işə qəbul həyata keçiriləcək.

 

5. Müəllimlərin iş yerini dəyişməsi

Vakant yerlərin  tutulmasında daha rəqabətli və ədalətli müsabiqə şəraitinin yaradılması üçün müəllimlərin iş yerinin dəyişdirilməsi ilə bağlı yeniliklər tətbiq olunmuşdur.

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində şəhid ailəsi üzvlərinə əlavə güzəştlərin yaradılması nəzərdə tutulur. Belə ki, müsabiqədə vakansiya seçimində ilk növbədə şəhid ailəsi üzvləri olan şəxslər iştirak edəcəklər.

Digər şəhər və rayonlardan Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə ümumi təhsil müəssisələrinə iş yerini dəyişmək istəyən şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək yerdəyişmə edə bilərlər.