26.01.2022

UNICEF ilə əməkdaşlıq çərçivəsində keçirilən layihənin monitorinqləri davam edir

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə həyata keçirdiyi Şagirdlərə öyrənmə ehtiyaclarına uyğun dəstəyin göstərilməsi və təhsilverənlərin peşəkar inkişafının təmin edilməsi çərçivəsində fərdi məsləhət xidməti (mentorluq)layihəsi çərçivəsində Gəncə şəhəri, Qobustan, Ağsu, Goranboy rayonlarında monitorinqlər keçirilib. Monitorinq qrupu layihənin birinci komponenti istiqamətində dərslərin təşkili, şagirdlərin öyrənmə dinamikası, dərslərdə iştirakı, ayrı-ayrı fəaliyyətlərə cəlbi və onlar üçün yaradılan şəraiti izləmək məqsədilə 2-8-ci siniflərdə keçirilən əlavə məşğələlərdə iştirak edib. Dərs müşahidələri zamanı məlum olub ki, layihə boyunca şagirdlərin müntəzəm şəkildə əlavə məşğələlərdə iştirakı onlarda dərsə marağı və fəallığı artırır, bu da öz növbəsində öyrənmə boşluqlarını tədricən aradan qaldırır.

 Əlavə olaraq, monitorinqlər zamanı layihəyə cəlb olunan siniflərdə gender bərabərliyinə riayət etməklə qız və oğlan şagirdlərin prosesə cəlbi müşahidə olunub.

Xatırladaq ki, layihənin birinci mərhələsinə sentyabr ayından etibarən start verilib və iyun ayına kimi monitorinqlər layihənin keçirildiyi bütün bölgələrdə davam edəcək.