23.12.2021

"XXI əsrdə gənclərin bacarıqlarına yeni baxış" mövzusunda tədbir keçirilib

Dekabrın 22-də UNICEF-in 75 illik yubileyi münasibətilə Təhsil Nazirliyi və UNICEF-in Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə “XXI əsrdə gənclərin bacarıqlarına yeni baxış” mövzusunda tədbir keçirilib. 

Tədbirdə təhsil naziri Emin Əmrullayev, UNICEF-in Azərbaycan nümayəndəsi Aleks Haykens, Təhsil Nazirliyi, UNICEF, ARTİ, Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları, tələbələr və şagirdlər iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan təhsil naziri Emin Əmrullayev Təhsil Nazirliyi ilə UNICEF arasında əməkdaşlığa toxunub və təşkilatın ölkəmizdə gördüyü işlərin əhəmiyyətini vurğulayıb.  Emin Əmrullayev Təhsil Nazirliyi ilə UNICEF-in pandemiya dövründə təhsil sahəsində birgə həyata keçirdiyi layihələrdən də danışıb. 

UNICEF-in Azərbaycan nümayəndəsi Aleks Haykens çıxışında qeyd edib ki, ötən onilliklər ərzində təşkilatın ölkəmizdə ən uğurlu və vacib tərəfdaşı Təhsil Nazirliyi olub. Qloballaşan dünyada baş verən iqlim dəyişikliyi, miqrasiya və digər məsələlərə də toxunan Aleks Haykens uğur yolunun bu kimi dəyişikliklərə hazır olmaqdan keçdiyini bildirib.

Tədbirin panel müzakirəsində spiker qismində çıxış edən ARTİ-nin direktor müavini Ülkər Babayeva pandemiyanın təhsil sisteminə, təhsilverənlər və təhsilalanlara akademik və sosial baxımdan təsirləri, innovasiyalar və bacarıqların inkişafı sahəsində öyrənilən bilik və bacarıqlar, əldə edilən nailiyyətlər, gələcəkdə pandemiya və ya başqa gözlənilməz böhranlar zamanı təhsilin fasiləsiz və keyfiyyətli şəkildə təşkil edilməsi üçün atılacaq addımlar mövzusunda tədbir iştirakçılarının suallarını cavablandırıb. Ülkər Babayeva, həmçinin dəyişən əmək bazarı və gələcəyin iş yerləri üçün gənclərə hansı bacarıq, bilik və alətlərin tələb olunduğu, həssas qruplara daxil olan yeniyetmə və gənclərin (əlilliyi olan gənclər, kənd yerlərində və ucqar ərazilərdə yaşayan qız və oğlanlar və s.) peşəkar bilik və bacarıqlarının formalaşmasına dəstək üçün görüləcək işlər haqqında müzakirələrdə iştirak edib.

Panel müzakirəsində məktəb, peşə təmayüllü siniflərin şagirdləri, SABAH qruplarının tələbələri və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının üzvləri iştirak ediblər.