23.12.2021

Lütfi Zadə adına beynəlxalq olimpiada davam edir

Dekabrın 22-də Lütfi Zadə adına beynəlxalq olimpiadanın riyaziyyat fənni üzrə yarış mərhələsi keçirilib.

20 ölkədən təxminən 100-ə yaxın şagirdin riyaziyyat fənni üzrə qatıldığı olimpiadada iştirakçılara 4 tapşırıq və onların həlli üçün 4 saat 30 dəqiqə vaxt ayrılıb.

İmtahan bitdikdən sonra iştirakçıların yazı işləri yerli və əcnəbi mütəxəssislərdən ibarət münsiflər heyətinə təqdim ediləcək.

Təşkilat komitəsi tərəfindən olimpiadanın gedişini canlı izləmək məqsədi ilə müşahidə məntəqəsi yaradılıb.

Dekabrın 23-də isə 20 ölkədən olan digər iştirakçılar informatika fənni üzrə olimpiadaya qatılacaqlar.

Qeyd edək ki, dünya şöhrətli Azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadə adına Beynəlxalq Olimpiadaya Azərbaycan evsahibliyi edir.

Lütfi Zadə olimpiadası Təhsil Nazirliyinin və ARTİ-nin təşkilatçılığı ilə həyata keçirilir.