21.12.2021

Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasında qazanılan uğur

12-21 dekabr 2021-ci il tarixlərində Birləşmiş Ərəb Əmirliklərində Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası (2020-2021) keçirilib.

Olimpiada MCQ (test), nəzəri və laboratoriya mərhələsindən ibarət olub. Belə ki, test və nəzəriyyə mərhələləri Heydər Əliyev adına Müasir Təhsil Kompleksində, laboratoriya mərhələsi isə Azərbaycan-Fransız Universitetində onlayn formada baş tutub.

59 ölkədən 354 şagirdin iştirak etdiyi olimpiadada məktəblilərimiz uğurlu nəticə göstəriblər. Belə ki, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin X sinif şagirdi Nigar Yaqublu gümüş medala, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Dərya Namazova, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Kimya-biologiya təmayüllü liseyin X sinif şagirdi Sara Əhmədzadə və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi Daniil Yarkovoy isə bürünc medala layiq görülüb. Komandamız 1 gümüş və 3 bürünc medal olmaqla ümumilikdə 4 medal qazanıb.

Qeyd edək ki, şagirdlərimizin beynəlxalq olimpiadalara hazırlıq prosesi ARTİ tərəfindən həyata keçirilir.