17.12.2021

Metodist hazırlığı və metodistlərin pedaqoji peşəkarlığının artırılması istiqamətində təlimlər keçirilib

ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi (MDPİM) tərəfindən metodist hazırlığı və metodistlərin pedaqoji peşəkarlığının artırılması istiqamətində təlimlər keçirilib. Belə ki, 6 dekabr tarixində start götürən və 18 dekabr tarixinə qədər davam edəcək təlimlərə Ucar, Kürdəmir, Yevlax, Cəbrayıl, Salyan, Şəki, Tərtər, Astara, Ağstafa, Daşkəsən, Ağdam, Cəlilabad, Şəmkir, Lerik, Tovuz, Göyçay, Biləsuvar, Balakən, Siyəzən, Beyləqan, Quba, Xaçmaz rayonları üzrə ümumilikdə 41 nəfər metodik kabinet əməkdaşı cəlb olunub. 

Təlimlər 6 müxtəlif modul - “Fənn kurikulumları”, “Alt standartlardan təlim nəticələrinin çıxarılması”, “Qiymətləndirmə”, “Səmərəli təlim mühitinin yaradılması”, “Sinfin idarə edilməsi”, “Dərsdinləmə prosesinin təşkili” üzrə keçirilib və zəruri metodik dəstək bacarıqları aşılanıb.  

Qeyd edək ki, MDPİM tərəfindən bu istiqamətdə təlimlərin davam etdirilməsi, region metodistlərinin həm nəzəri biliklərlə, həm də praktik tapşırıqlarla səriştələrinin artırılması planlaşdırılır.