14.12.2021

Məktəblilərimiz VI Meqapolislər olimpiadasında uğur qazanıblar

6-13 dekabr 2021-ci il tarixlərində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində VI Meqapolislər olimpiadası keçirilib. Dünyanın ən böyük şəhərlərində yaşayan 14-18 yaşlı şagirdlərin qatıldığı Meqapolislər olimpiadasında 32 ölkədən olan 257 iştirakçı öz bilik və bacarıqlarını sınayıb.

Riyaziyyat, fizika, kimya və informatika fənləri üzrə hər fəndən 2 nəfər olmaqla ümumilikdə 8 iştirakçı olimpiadada ölkəmizi təmsil edib. Şagirdlər öncə komanda şəklində blits-turda, daha sonra fərdi olaraq iki əsas müsabiqədən ibarət olan olimpiadada bilik və bacarıqlarını nümayiş etdiriblər.

Şagirdlər blits-tur və iki əsas müsabiqənin nəzəri hissəsinə “İdrak” liseyinin sinif otaqlarından, kimya fənni üzrə eksperimental hissəyə isə “AZECOLAB” şirkətinin laboratoriya otağından qoşulublar.

Belə ki,  kimya fənni üzrə BDU-nun nəzdində "Gənc İstedadlar" liseyinin XI sinif şagirdi Nəriman Şirinli gümüş medala, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan "Ankara məktəbi" məktəb-liseyin XI sinif şagirdi Əli Bağırov, riyaziyyat fənni üzrə Bakı şəhəri 2 nömrəli texniki-humanitar liseyin XI sinif şagirdi Elçin Musazadə, fizika fənni üzrə Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Eşqin Alıyev, informatika fənni üzrə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin XI sinif şagirdi Səid Nəsibov bürünc medala layiq görülüblər. Məktəblilərimiz 1 gümüş və 4 bürünc medal olmaqla ümumilikdə 5 medal qazanıblar. Bundan əlavə, blits turda Bakı məktəbliləri komanda olaraq 3-cülük yerinin mükafatçısı olublar.

Qey edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara milli komandaların hazırlıq prosesi 2017-ci ildən etibarən ARTİ və  “Azercell Telekom” MMC  arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilir. Sözügedən müddətdə məktəblilərimiz müxtəlif miqyaslı beynəlxalq olimpiada və müsabiqələrdə uğurla çıxış edərək 1 qızıl, 7 gümüş və 19 bürünc olmaqla, ümumilikdə 27 medal əldə ediblər.