07.12.2021

"Şagirdlərə öyrənmə ehtiyaclarına uyğun dəstəyin göstərilməsi və təhsilverənlərin peşəkar inkişafının təmin edilməsi çərçivəsində fərdi məsləhət xidməti (mentorluq)" layihəsi üzrə mentorlar fəaliyyətə başlayır

ARTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə “Şagirdlərə öyrənmə ehtiyaclarına uyğun dəstəyin göstərilməsi və təhsilverənlərin peşəkar inkişafının təmin edilməsi çərçivəsində fərdi məsləhət xidməti (mentorluq)” layihəsini davam etdirir. Həm pandemiya dövründə, həm də pandemiyadan sonra təhsilin təşkilinə təkan vermək məqsədilə mentorlar tərəfindən layihəyə cəlb olunan bölgələrin məktəblərində çalışan təhsilverənlərin peşəkar inkişafına dəstək veriləcək.

Təhsilverənlərin peşəkar inkişafının təmin edilməsi üçün diaqnostik qiymətləndirmədən aşağı bal toplayan, peşəkar inkişaflarının təkmilləşdirilməsinə ehtiyac duyulan müəllimlərə fərdi məsləhət xidmətinin göstərilməsi məqsədilə mentorların hazırlanması təlimləri keçirilib. Mentorların hazırlanması təliminə müxtəlif psixoloji testlərdən (ünsiyyət, stres, iddia səviyyəsini və s. müəyyən edən) keçmiş və nəticələri yüksək olan müəllimlər seçilib. Təlim 18 akademik saat olmaqla, 9 gün müddətində hər gün 2 saat ərzində Microsoft Teams platforması vasitəsilə keçirilib. Adıçəkilən təlimdə effektiv ünsiyyət, parafraz etmə bacarığına malik, vaxtdan səmərəli istifadə edən, peşəkar inkişaf ehtiyaclarına və potensialına uyğun fərdi dəstək strategiyaları qura bilən 15 mentor seçilib. Mentorlar layihənin həyata keçirildiyi Gəncə şəhəri, Qobustan, Ağsu, Hacıqabul, Goranboy və Beyləqan rayonlarının məktəblərində müəllimlərlə fərdi müsahibə və sorğu apararaq onların peşəkar inkişaf ehtiyaclarını və potensial imkanlarını müəyyən edəcək və hər bir müəllim üçün fərdi inkişaf planı hazırlayacaqlar. Mentorlar müəllimin fərdi inkişaf planı əsasında onun peşə biliyi və bacarığının artırılması üçün 4 ay müddətində xidmət göstərəcək.

Təhsilverənlərin peşəkar inkişafının təmin edilməsi çərçivəsində fərdi məsləhət xidməti 2022-ci ilin mart ayına qədər davam edəcək.