25.11.2021

Naqif Nəbiyevin xatirəsinə həsr olunan 8-9-cu siniflər arasında fizika müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib

ARTİ tərəfindən 8-9-cu sinif şagirdləri arasında fizika fənninə olan marağın artırılması, fizika elmi üzrə akademik bilikləri yüksək olan şagirdlərin həvəsləndirilməsi məqsədi ilə görkəmli alim, uzun müddət fizika fənni üzrə beynəlxalq olimpiadalarda Azərbaycan komandalarının rəhbəri olan Naqif Nəbiyevin  xatirəsinə həsr edilmiş müsabiqə təşkil olunub.

Müsabiqədə ümumtəhsil müəssisələrinin 8-9-cu siniflərində təhsil alan şagirdlərə 9-cu sinif proqramına uyğun suallar Azərbaycan və rus bölməsi üzrə təqdim olunub. Yekunda 18 nəfər qalib olmaqla 3 qızıl, 6 gümüş, 9 bürünc medalçı müəyyən edilib.

Tədbirdə Təhsil Nazirliyi və Bakı Dövlət Universitetinin rəhbər heyəti və əməkdaşları, ARTİ-nin direktor müavini Aytən Zamanova və institutun nümayəndələri, Naqif Nəbiyevin dostları və yaxınları iştirak edib, onun haqqında ürək sözlərini bildirib, eləcə də qalibləri təbrik edərək onlara gələcək müsabiqələrdə uğurlar arzulayıblar.

Qeyd edək ki, Naqif Nəbiyev Bakı Dövlət Universitetinin nanomaterialların kimyəvi fizikası kafedrasının dosenti olmaqla yanaşı, ölkəmizdə fəaliyyət göstərən digər ali təhsil müəssisələrində də mühazirəçi kimi fəaliyyət göstərib. N.Nəbiyev 2015-ci ildən Respublika Fənn Olimpiadalarının fizika fənni üzrə münsiflər heyətinin sədri, eləcə də fizika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq komandasının rəhbəri olub. Həmin dövrdə məktəblilərimiz bir sıra uğurlara imza atıblar.

Xatırladaq ki, Bakı Dövlət Universiteti tədbirin təşkilatçılığını və ev sahibliyini həyata keçirib. ARTİ isə müsabiqəni təşkil edib və mükafatçıları müəyyənləşdirib.