23.11.2021

"Müasir təhsilin inkişaf strategiyaları: uğurlar və çağırışlar" mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

26-27 noyabr tarixlərində Naxçıvan şəhərində Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Dövlət Universiteti, ARTİ-nin tərəfdaşlığı və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Müasir təhsilin inkişaf strategiyaları: uğurlar və çağırışlar” mövzusunda beynəlxalq elmi konfrans (əyani və videobağlantı formatlarında) keçiriləcək. 

Elmi konfransın keçirilməsində məqsəd pedaqoji sahədə əldə edilmiş yenilikləri  təbliğ etmək, tətbiqini genişləndirmək, gələcək hədəfləri pedaqoji ictimaiyyətin nümayəndələri ilə birlikdə müzakirə etmək və təkliflər formalaşdırmaqdır.

Elmi konfransın birinci günü “Ümumi təhsildə məzmun islahatları: bacarıq əsaslı məzmun” adlı birinci paneldə ARTİ-nin direktor müavini Ülkər Babayeva “Ümumi təhsildə innovasiyalar”, Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov “Tədqiqat əsaslı təlim: məzmun islahatlarının mühüm istiqaməti kimi”, Tədris resursları şöbəsinin müdiri Rasim Abdurazaqov “Dərslik islahatının aktual problemləri: "Ehtiyat dərslik" layihəsinin ilkin nəticələri”, "İcma əsaslı məktəbəqədər təhsil" layihəsinin rəhbəri İlahə Rəsulova “Məktəbəqədər təhsil: beynəlxalq və yerli təcrübələr”, Naxçıvan Müəllimlər İnstitutunun baş müəllimi Zeynab Mehdiyeva “Kiçikyaşlı təhsilalanlarda həyati bacarıqların formalaşdırılmasının aktual məsələləri”, müəllimi Fidan Əzizova “STEAM metodologiyası təhsildə innovativ strategiya kimi” mövzusunda məruzə edəcəklər.