20.11.2021

"Distant təhsildə çağırışlar və nailiyyətlər" konfransına sayılı günlər qalıb

ARTİ-nin təşkilatçılığı, ADA Universitetinin və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə baş tutacaq “Distant təhsildə çağırışlar və nailiyyətlər” konfransına sayılı günlər qalıb.

Sözügedən konfransın gündəliyində “Distant təhsildə tələbələr” adlı panel müzakirəsi də yer alacaq. Panel müzakirəsində spikerlər pandemiya zamanı tələbə təşkilatları tərəfindən həyata keçirilən fəaliyyətlər, distant təhsilə tələbələr tərəfindən verilən töhfələr, tələbələr üçün dəstək layihələri, distant təhsildə tələbələrin rolu, gələcəkdə bununla bağlı planlar və tövsiyələr haqqında məlumat verəcək və mövcud sualları cavablandıracaqlar.

Panel müzakirəsinin spikerləri “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədri Elnur Mirzəzadə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Pərviz Mirələmli, Erasmus Tələbə Şəbəkəsinin Azərbaycan üzrə milli prezidenti Ramiyyə Şahgəldiyeva olacaq.

Xatırlatmaq istəyirik ki, sözügedən konfrans 29 noyabr 2021-ci il tarixində onlayn formatda Zoom platforması vasitəsilə baş tutacaq. 

Konfransın əsas məqsədi son illərdə Azərbaycanın distant təhsil təcrübəsini, bu istiqamətdə görülən işləri, uğurlu dünya təcrübəsinin ölkəmizdə tətbiq perspektivlərini müzakirə etmək və gələcək hədəfləri müəyyənləşdirməkdir. Konfransda Təhsil Nazirliyi və ona tabe qurumların nümayəndələrinin, ali və orta-ixtisas təhsili müəssisələrinin rəhbərliyinin, pedaqoji və inzibati heyətin və maraqlanan digər şəxslərin iştirakı nəzərdə tutulub.

Konfransda iştirak etmək üçün aşağıdakı keçiddən qeydiyyatdan keçməyiniz xahiş olunur: https://forms.office.com/r/GhdeCfPBYa

Qeydiyyat üçün son tarix 25 noyabrdır. Qeydiyyatdan keçənlərə növbəti həftə ərzində konfransın detalları və Zoom keçid linkləri elektron poçt vasitəsilə göndəriləcək.