12.11.2021

ARTİ-də "British Council" təşkilatının nümayəndələri ilə görüş keçirilib

11 noyabr tarixində “British Council” təşkilatının nümayəndələri ARTİ-nin rəhbər heyəti ilə görüşüb. Görüşdə “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Francis Gardener-Trejo, direktor müavini Nigar Baimova, ingilis dili və təhsil üzrə meneceri Nərgiz Hüseynova, ARTİ-nin direktoru Rüfət Əzizov, direktor müavinləri Ülkər Babayeva və Aytən Zamanova iştirak ediblər.

Təşkilatlar arasında gələcək əməkdaşlığa dair müzakirələrin aparıldığı görüşdə şagird və müəllimlərin ingilis dili səviyyəsinin müəyyən edilməsi, şagirdlərin öyrənməsini yaxşılaşdırmağa hədəflənən müəllimlərin peşəkar inkişaf proqramları, birgə tədqiqatlar müzakirə olunub. Eyni zamanda, “Sabah.lab” Akselerasiya Mərkəzi və “Creative Spark” layihəsinin birgə fəaliyyəti, Birləşmiş Krallığın ali təhsil müəssisələrinin tələbələrinə dəstək kimi mövzulara toxunulub.

Görüşdə iki təşkilat arasında əməkdaşlıq üçün müxtəlif təhsil pillələri üzrə yeni imkanlar, onların təhsil sisteminə verə biləcəyi töhfələr və gələcək layihələr, həmçinin “Future English” onlayn platforması vasitəsilə müəllimlərin inkişafı, şagird nailiyyətlərinin qiymətləndirilməsi, ali təhsil müəssisələrində innovasiyanın inkişafı, hazırda “British Council” təşkilatının icra etdiyi “Learning Hubs” proqramının tətbiqi haqqında fikir mübadiləsi aparılıb.