11.02.2021

Layihənin İdarə Edilməsi - Təhsildən Təcrübəyə

“İş dünyası və ali təhsildə trendlər” onlayn vebinarlar silsiləsinin “Layihənin İdarə Edilməsi - Təhsildən Təcrübəyə” adlı ikinci tədbiri Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılığı ilə 11 fevral saat 19:00-da baş tutacaqdır. Tədbirin məqsədi sənayenin tələblərindən biri olan layihə idarəçiliyinin əsasları haqqında məlumat vermək və ali təhsil müəssisələri tərəfindən müvafiq bacarıqların tədris prosesində inkişaf etdirilməsi yollarını müzakirə etməkdən ibarətdir. Təqdimatı bu sahədə böyük müvəffəqiyyət əldə etmiş və rəhbəri olduğu TANAP layihəsinin Layihələrin İdarəolunması İnstitutu (“Project Management Institute” (PMI)) tərəfindən “2020-ci il, İlin Layihəsi” mükafatı alan Polad Rüstəmov aparacaqdır. Aşağıda onun barəsində əlavə məlumat öz əksini tapmışdır:

Polad Rüstəmov - Orta Şərq Texniki Universitetinin İnşaat mühəndisliyi fakültəsini bitirmişdir. Neft və qaz sənayesində 17 ildən artıq təcrübəyə malik tanınmış inşaat mühəndisidir. “TANAP” layihəsinin direktoru vəzifəsində çalışmışdır. Sözügedən layihənin müvəffəqiyyətlə başa çatması üçün göstərdiyi səylərə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Hal-hazırda isə “TANAP”-da baş texniki menecer vəzifəsində çalışır.

Tədbir təhsil idarəçiləri, işçiləri və tələbələr üçün nəzərdə tutulmuşdur və Azərbaycan dilində aparılacaqdır. Yerlər məhduddur. İştirak etmək üçün 9 fevral 2021-ci il tarixinə qədər aşağıda göstərilən keçiddən qeydiyyatdan keçməyiniz xahiş olunur:      https://forms.office.com/Pages/ResponsePage.aspx?id=MgI6VZyd2EKaSmcaDBG1oEZVHZQb4hNJkPGGhUzWMHxURUFUSjA1MkE4S1ZaWFRZTjI5R0QwMjVJOC4u