05.06.2018

TİMSS 2019 - Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramının pilot mərhələsinin keçirilməsinə başlanıldı.

İyunun 5-dən Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) tərəfindən TİMSS 2019 (Trends in International Mathematics and Science Study) - Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramının pilot mərhələsinin keçirilməsinə başlanılıb.

Beynəlxalq qiymətləndirmə tədqiqatının pilot mərhələsində şagirdlər onlara ünvanlanan sual və tapşırıqları cavablandırırlar. TİMSS həm də şagirdləri, onların valideynlərini, sinif müəllimlərini və təhsil aldıqları məktəblərin rəhbərlərini şagirdlərin evləri, məktəb təcrübələri, riyaziyyat və təbiət elmləri üzrə biliklərinin öyrənilməsi üçün təlimat kontekstləri barədə sorğunu doldurmağa dəvət edir.

TİMSS tədqiqatının keçirilməsində başlıca məqsəd qlobal kontekstdə sistemin nailiyyət meyillərini qiymətləndirmək, təhsil siyasəti barədə məlumat toplamaq, yeni və ya yenilənmiş siyasətlərin təsirini qiymətləndirmək, aşağı göstəricisi olan sahələri dəqiqləşdirmək və kurikulum islahatına təkan vermək, eyni zamanda şagirdlərin riyaziyyat və təbiət elmləri üzrə biliklərinin nəticələri ilə yanaşı öyrətmə və öyrənmə üçün ev və məktəb kontekstləri haqqında vacib məlumatlar əldə etməkdən ibarətdir.

Tədqiqatın pilot mərhələsində Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (International Association for the Evaluation of Educational Achievement) təsadüfi seçimlə müəyyənləşdirdiyi 7-si paytaxt, 19-u region məktəbləri olmaqla,  ümumilikdə 26 məktəb üzrə 32 sinfin IV sinif şagirdlərinin iştirakı nəzərdə tutulub.

TİMSS - Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramının pilot mərhələsi cari ilin iyun ayının ortalarına qədər davam edəcək.

Qeyd edək ki, Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya tərəfindən 1995-ci ildən etibarən və hər dörd ildən bir (1999, 2003, 2007, 2011, 2015 və 2019) keçirilən TİMSS tədqiqatı IV və VIII sinif şagirdlərinin riyaziyyat və təbiət elmləri üzrə biliklərini qiymətləndirən beynəlxalq bir araşdırmadır. Qlobal konteksdə öz təhsil sistemlərinin effektivliyini qiymətləndirmək üçün təxminən 60 ölkə TIMSS-in məlumatlarından istifadə edir və hər qiymətləndirmədə TIMSS-ə yeni ölkələr qoşulur. TIMSS 2019-da təxminən 70 ölkənin iştirak etməsi gözlənilir. Bundan əvvəl ölkəmiz TIMSS tədqiqatında 2011-ci ildə iştirak edib və yalnız IV sinif şagirdləri ilə təmsil olunub.