11.06.2022

"Şagirdlərə öyrənmə ehtiyaclarına uyğun dəstəyin göstərilməsi və təhsilverənlərin peşəkar inkişafının təmin edilməsi çərçivəsində fərdi məsləhət xidməti (mentorluq)" adlı layihə yekunlaşıb

ARTİ, Azərbaycan Respublikası Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu UNICEF-lə birgə COVİD-19 pandemiyasının təhsilə mənfi təsirini azaltmaq və təhsilin inkişafına təkan vermək məqsədilə 2021-ci ilin sentyabr ayından həyata keçirilən “Şagirdlərə öyrənmə ehtiyaclarına uyğun dəstəyin göstərilməsi və təhsilverənlərin peşəkar inkişafının təmin edilməsi çərçivəsində fərdi məsləhət xidməti (mentorluq)” adlı layihə yekunlaşıb. Layihə ölkəmizin 6 bölgəsini (Gəncə şəhəri, Qobustan, Ağsu, Hacıqabul, Goranboy, Beyləqan rayonları) əhatə etmiş və iki komponentdən ibarət olmuşdur.

Layihənin şagirdlərə öyrənmə ehtiyaclarına uyğun dəstəyin göstərilməsi komponentinə uyğun olaraq adıçəkilən rayonlarda bilik və bacarıqlarında boşluqlar olan məktəblilərə 9 ay müddətində məşğələlər keçirilib. Layihəyə cəlb olunan şagirdlərin tədris dili və riyaziyyat fənləri üzrə məşğələ öncəsi tədris yönümlü öyrənmə maraqlarını ölçən qiymətləndirmələr məşğələlər tam bitdikdən sonra təkrar aparılıb (pretest və posttest), nəticələr təhlil olunub.