Metodika

Metodika  dedikdə  hər hansı məqsədə nail olmaq üçün hazır qaydalar, alqoritmlər, prosedurlar toplusu nəzərdə tutulur. Sənayedəki texnologiya anlayışına yaxındır. Metodika metoddan üsul və məqsədlərin konkretliyi ilə fərqlənir. Məsələn, hər hansı təcrübənin nəticələrinin riyazi təhlili metod (riyazi təhlil metodu), konkret meyarların, riyazi xarakteristikanın seçilməsi isə metodikadır.

Təhsildə "metodika" dedikdə, müxtəlif tədris proseslərində tətbiq edilən konkret üsulların, qaydaların, pedaqoji fəaliyyət texnikasının təsviri; "tərbiyə fəaliyyətinin qaydalar toplusu"nəzərdə tutulur.

Fənnin öyrədilməsi metodikasına aşağıdakılar daxildir:

  • öyrətməyin məqsədi
  • tədris məqsədləri
  • inkişaf etdirici məqsədlər
  • tərbiyəvi məqsədlər
  • praktik məqsədlər
  • öyrətməyin prinsipləri
  • öyrədilən məzmun
  • öyrətmə vasitələri
  • öyrətmə formaları
  • öyrətmə metodları
  • ümumi öyrətmə metodları
  • fərdi öyrətmə metodları

Ümumtəhsil məktəblərində metodik iş sisteminin qurulması

Hər bir məktəbin yerli xüsusiyyətlərindən asılı olaraq özünəməxsus metodik iş sistemi vardır. Bu sistem məktəb fəaliyyətə başladığı ilk gündən yaranmağa başlayır. Belə bir sistemin yaranması məktəbdə tətbiq olunacaq tədris plan və proqramlarını səmərəli realizə etmək üçün dərs cədvəli və məşğələlərin qrafiklərinin tərtib edilməsi ilə başlayır. Təhsil prosesində bu sistem daha da zənginləşir.

Məktəbdə metodik iş sisteminə rəhbərlik birbaşa Metodik Şura, belə bir şura yaradılmadıqda isə təlim-tərbiyə işləri üzrə direktor müavini tərəfindən həyata keçirilir. Məktəb direktorunun əmri ilə təlim-tərbiyə işləri üzrə direktor müavini və ya qabaqcıl müəllimlərdən biri Metodik Şuraya sədr təyin edilir. Fənn metodbirləşmə sədrləri isə fənn müəllimlərinin iclasında gizli səsvermə ilə bir il müddətinə seçilir və direktorun əmrilə rəsmiləşdirilir. Metodik Şuranın üzvləri fənn metodbirləşmə sədrləri və yadadıcı müəllimlərdən ibarət olur.

Məktəbin kollektivinin fəaliyyətinin bir və ya bir neçə dərs ili ərzində vahid "metodik mövzu"ya və ya "məktəbin devizi"nə yönəldilməsi məktəbdə səmərəli metodik məkannın formalaşmasına zəmin yaradır. Belə bir məkan daxilində məktəb məqsədyönlü keyfiyyətli təhsil xidməti göstərə bilər. Metodik mövzu qabaqcadan müəyyənləşdirilir. Birinci Pedaqoji Şura iclasında elan edilir və dərs ili ərzində tətbiqi barədə müvafiq qərar qəbul edilir.