06.06.2018

Təhsil Texnologiyaları Mərkəzi MİQ imtahanına hazırlaşanlar üçün növbəti elektron sınaq imtahanlarını keçirəcək

İyunun 9-da Bakıda ARTİ-nin Təhsil Texnologiyaları Mərkəzi tərəfindən müəllimlərin işə qəbulu imtahanına hazırlaşanlar üçün növbəti sınaq imtahanları keçiriləcək.

Elektron formatda və real imtahan prosesinə uyğun olaraq keçiriləcək sınaq imtahanları 40 ixtisas, 10 məntiq, 10 tədris metodikası və təlim strategiyalarına aid olmaqla, cəmi 60 sualdan ibarət olacaq. İmtahanın müddəti isə 90 dəqiqə nəzərdə tutulub.

İyunun 9-da keçiriləcək olan ikinci sınaq imtahanı Azərbaycan bölməsi üzrə: İbtidai sinif, Azərbaycan dili və ədəbiyyat, Riyaziyyat, İngilis dili, Tarix, Fizika və Kimya fənlərindən, Rus bölməsi üzrə isə: İbtidai sinif, Riyaziyyat, İngilis dili, Tarix, Fizika və Kimya fənlərindən olacaq.

Real imtahan şəraitini hiss etmək istəyən və müəllim olmağa namizəd şəxslər sınaq imtahanında iştirak edə bilmək üçün www.ttm.edu.az saytında qeydiyyatdan keçməli, qeydiyyatdan keçdikdən sonra imtahana buraxılış vərəqəsini çap edərək şəxsiyyət vəsiqəsiylə birlikdə imtahana gətirməlidirlər.

Bundan başqa, sınaq imtahanı yekunlaşan zaman nəticələri dərhal öyrənmək mümkün olacaq, həmçinin səhvlərə baxmaq üçün əlavə vaxt da ayrılacaq.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə sınaq imtahanlarının MİQ imtahanına qədər mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.