26.04.2018

Təhsil İnstitutunun əməkdaşı Ankarada keçirilən "İkinci beynəlxalq Xoca Əhməd Yəsəvi" simpoziumunda məruzə ilə çıxış edib.

Simpoziumda Türkdilli dövlətlərdən gələn fəlsəfə, hüquq(fiqh), tarix, tibb, sənət, din və digər elm sahələrində tanınmış elm adamlarının iştirakı ilə birinci gün 3 bölmə, ikinci gün isə 2 bölmə olmaqla, ümumilikdə 5 bölmə üzrə 70-ə yaxın məruzə dinlənilib.  

Xoca Əhməd Yəsəvi Universiteti Rəyasət Heyətinin rəhbərliyinin rəsmi dəvət məktubuna əsasən simpoziumda iştirak edən M. Qurbanova plenar iclasda “Divani Hikmətdə yaş dövrləri üzrə şəxsiyyətin inkişaf xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış edib. O qeyd edib ki, şəxsiyyətin inkişaf problemlərini,  müxtəlif yaş dövrlərinə xas xüsusiyyətlərini, psixoloji inkişafın dinamizmini, ümumi xüsusiyyətlərini öyrənməklə milli mənlik şüuru kontekstində şəxsiyyətin formalaşmasını düzgün istiqamətdə yönləndirmək mümkündür. Xronolji - pasport yaşı, bioloji - funksional yaş, sosial - vətəndaşlıq yaşı və psixoloji - mental yaş qarşılıqlı, dialektik vəhdətdə  inkişaf edir, biri digəri üçün zəmin yaradır. Pedagogika tarixində ədəbiyyatlarda insanın yaş dövrləri ilə əlaqədar müxtəlif fərziyyələr irəli sürülüb ki, pedaqoji sistemdə əsasən qərb alimlərinin və yalnız orta əsrlərdən sonrakı dövrə aid olan araşdırmaların nəticələrinin yer aldığı məlumdur. Təəssüf ki,  pedaqogika, təhsilşünaslıq tarixində türkün hikmət xəzinəsindən yaşların xarakterik əlaməti və keyfiyyətləri, eyni zamanda psixoloji, bioloji, sosial yaşın insana qazandırdığı imkanlar məsələsi yer almayıb. Pir-i Türkistan, Şərqin böyük mütəfəkkiri Xoca Əhməd Yəsəvi tərəfindən “Divani Hikmət” əsərində 2-ci hikmətdən başlayaraq (hikmət 2-7) mərhələli olaraq hər yaşın fərqli, özünəməxsus fəlsəfəsini nəzmlə təqdim edilib. Şərq-müsəlman fəlsəfəsində olduğu qədər türk dünyası və şərq aləminin sintezi fonunda da insan yaşının ona qazandırdığı imkanları ustalıqla təsnif olunub ki, bu da müasir pedaqoji,  psixoloji və gerontoloji baxımdan öz aktuallığını təmin edir.

Məruzələrin dəyərləndirilməsi zamanı bölmə rəhbəri, həmsədrlər və müzakirə iştirakçıları tərəfindən M. Qurbanovanın məruzəsində Xoca Əhməd Yəsəvi hikmətlərinin yeni istiqamətdə tədqiq edildiyi, tədqiqatın orijinallığı ilə fərqləndiyi, məhsuldar nəticə və təkliflər əsasında ümumiləşdirildiyi qeyd olunub. Xoca Əhməd Yəsəvi soyunun 27-ci nəsil davamçısı, Yəsəvi Ocaqları Mədəniyyət Dərnəyi, Türk Dünyası  üzrə sədrin müşaviri İsmətullah Yəsəvi tərəfindən tezisin müəllifinə dərin minnətdarlıq bildirilib və ən məhsuldar təklifləri olan bu tezisin mətninin Xoca Əhməd Yəsəvi haqqında dəyərli tədqiqatlardan ibarət kitaba daxil edilməsi xahiş olunub.

Simpozium 2 gün davam edib.

Qeyd edək ki, vəfatının 850-ci ildönümü münasibəti ilə 2016 və 2017-ci illər UNESCO tərəfindən Xoca Əhməd Yəsəvi ili elan edilmişdir. Əhməd Yəsəvi Türk-İslam düşüncə və fəlsəfəsinin formalaşdırılmasına və  inkişaf etdirilməsinə, eyni zamanda mənəvi təkamülün in­ki­şa­fı­nı sü­rət­lən­di­rməyə nail olmuşdur. Orta Asiyadan başlayaraq bütün türk dünyası coğrafiyasında və daha sonra dünyada onun mənəvi miras və ideyaları təbliğ edilmişdir.