17.01.2018

Elmi-pedaqoji kadr hazırlığı şöbəsi 85 yaşını qeyd edir

Bu il Azərbaycan Respublikasının Təhsil İnstitutunun Elmi-pedaqoji kadr hazırlığı şöbəsinin 85 yaşı tamam olur.

Elmi-pedaqoji kadr hazılığı şöbəsi Təhsil İnstitutunun struktur vahidi olub, onun nizamnaməsində formalaşmış ümumi və öz əsasnaməsinə uyğun vəzifələrin yerinə yetirilməsində mühüm rol oynayır. Şöbə işini “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa (2009-cu il), Elm haqqında Azərbaycan Respublikasının Qanununa (2016), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 01 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydalarına, İnstitutun Nizamnaməsinə, şöbənin əsasnaməsi və illik fəaliyyət planına əsasən qurur. Elmi-pedaqoji kadr hazırlığı şöbəsinin əsas vəzifəsi öz fəaliyyətini İnstitutun nəzdində olan bütün şöbələrin müvafiq əməkdaşları, elmi müxbirləri, doktorant və dissertantları ilə əlaqələndirmək, fəlsəfə və elmlər doktoru proqramları üzrə doktorant və dissertant hazırlığına rəhbərlik etməkdən ibarətdir.

ARTİ-nin struktur şöbəsi olaraq Elmi-pedaqoji kadr hazılığı şöbəsi ölkənin ali təhsil müəssisələri, AMEA-nın institutları, təhsil mərkəzləri və qurumları ilə yaxın əməkdaşlıq edir. Həmçinin, yerli və xarici (dövlət və özəl olmaqla) təhsil sisteminin idarəetmə strukturlarının doktorantura şöbələri ilə əməkdaşlığını qurur, müvafiq sahə üzrə təhsil sahəsində maarifləndirmə  mexanizmini hazırlayır. Şöbədə beynəlxalq əməkdaşlıq əsasən universitetlərarası və qurumlararası ikitərəfli razılaşmalar, anlaşma memorandumları, əməkdaşlıq protokolları və digər bu kimi hüquqi vasitələr çərçivəsində həyata keçirilir.

Təhsilin ikişafının yeni mərhələsinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu və Ulu öndərin siyasi kursunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan əməkdar elm və təhsil xadimi, pedaqogika üzrə elmlər doktoru, akademik Hümeyir Əhmədov dövlətimizin başçısının təhsilə diqqəti və qayğısı sayəsində hazırda təhsil sistemində həyata keçirilən əsaslı islahatlardan, müxtəlif problemlər üzrə yerinə yetirilən Dövlət Proqramlarından söz açıb.

Qeyd edək ki, 1932-ci ildə təsis olunmuş Aspirantura şöbəsinin bazasında yeni yaradılan Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin adı 2014-cü ildə İnstitutda aparılan struktur dəyişikliyindən sonra redaktə olunmuş və hal-hazırda Elmi-pedaqoji kadr hazırlığı şöbəsi kimi fəaliyyətini uğurla davam etdirməkdədir.


Elmi zirvəyə aparan yol (Azərbaycan Respublikasının Təhsil İnstitutunun Elmi-pedaqoji kadr hazırlığı şöbəsinin 85 illiyinə ithaf olunur)