13.12.2017

"Məktəbli valideyn" layihəsinin bağlanış mərasimi olub.

13 dekabrda “Təhsildə inkisaf və innovasiyalar uzrə 1-ci qrant musabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “Məktəbli valideyn” layihəsinin bağlanış mərasimi baş tutub.

İsmayıllı Rayon Təhsil Şöbəsinin akt zalında baş tutan bağlanış mərasimində  metodistlər, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.

Layihə rəhbəri Gülər Babayeva 3 ay ərzində layihə çərçivəsində görülən işlərdən və əldə edilən nəticələrdən danışıb. İsmayıllı rayon Topçu kənd tam orta məktəbin 3a sinf şagirdləri çıxış edərək bildiriblər ki, "Məktəbli valideyn " layihəsi sayəsində biliklərini artırıb, vətənimizin keçmişini araşdırıblar, xalqın qəhrəmanlarını və məşhur insanları tanıyıblar. Mərhəmət və qayğıkeşlik hislərini dərk ediblər.

“Məktəbli valideyn” layihəsinin əsas məqsədi məktəbdə dərs saatlarından sonra dərnəklər təşkil etməklə ibtidai sinif şagirdlərinin şəxsiyyət kimi yetişməsinə, müsbət şəxsi və mənəvi keyfiyyətlərə sahib olmasına, onlarda vətənpərvərlik hislərinin güclənməsinə dəstək olmaq, zərərli vərdişlərdən uzaq olmalarına nail olmaqdan ibarətdir. Bundan başqa layihə dəsrdən sonra təşkil olunacaq dərnəklər hesabına valideynlərin məktəblə sıx əlaqə yaradaraq bir növ “məktəbli valideyn”ə çevrilməsinə hədəflənib.

Fərdi kateqoriyada Gülər Babayevanın rəhbərliyi ilə qalib olmuş layihənin icra müddəti 3 ay olub.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.