06.07.2017

"Təhsilin idarə olunmasında gender bərabərliyinin təmin olunması" pilot layihəsi ictimaiyyətə təqdim olundu

Böyük Britaniyanın Queen’s Belfast Universitetinin təşəbbüsü, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Təhsil İnstitutu və “Kaspi” Təhsil Şirkətinin təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycanın sosial-iqtisadi inkişafına dəstək məqsədilə təhsilin idarə olunması sahəsində gender bərabərliyinin təmin olunması” adlı pilot layihəsi iyulun 6-da keçirilən tədbirdə ictimaiyyətə təqdim olunub.

Layihə Queen’s Belfast universitetinin Təhsil elmləri üzrə doktoru Marina-Stefania Giannakakinin rəhbərliyi, AR Tİ-nin əməkdaşı Mətanət Qurbanova və “Kaspi” Təhsil Şirkətinin əməkdaşı Cavid Cəfərovun təşkilatçılığı  ilə 1 fevral - 30 iyun tarixlərində həyata keçirilib. Tədqiqata 80 məktəbdən 350 qadın direktor və direktor müavini cəlb  olunub. Onlardan yalnız 107 nəfər bu sorğuda iştirak etməyə razılıq verib, 5 qadın direktor və 5 qadın direktor müavini ilə müsahibələr aparılıb.

Qeyd etmək lazımdır ki, tədqiqat layihəsinin Azərbaycanda digər tərəfdaşları Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Təmiz Dünya Qadınlara Yardım Cəmiyyəti və Azad Müəllimlər İctimai Birliyidir.